Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”, iki qardaş dövlətin tarixində və geosiyasi münasibətlər sistemində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu sənəd təkcə ikitərəfli münasibətlərin yeni mərhələyə keçidini deyil, həm də bölgədə və ümumilikdə Avrasiya məkanında güc balansının dəyişdiyini təsdiqləyən mühüm strateji hadisədir.
Bəyannamənin tarixi məkanı olan Şuşa şəhəri Qarabağ Zəfərimizin simvoludur. 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin nəticəsində işğaldan azad edilən bu şəhərdə bəyannamənin imzalanması xüsusi rəmzi və siyasi məna daşıyır. Bu, Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi bir şəraitdə, regional sabitlik və təhlükəsizlik arxitekturasının yenidən qurulmasında Bakı-Ankara xəttinin başlıca güc mərkəzinə çevrildiyini göstərdi.
İlk öncə qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında 1921-ci il Qars müqaviləsinin hüquqi varisi olmaqla yanaşı, müasir dövrün tələblərinə cavab verən yeni bir müttəfiqlik modelini müəyyən edir. Sənədin strateji əhəmiyyəti bir neçə əsas istiqamət üzrə təhlil olunmalıdır. Bəyannamədə açıq şəkildə qeyd olunur ki, tərəflərdən birinə qarşı üçüncü tərəf tərəfindən hərbi təcavüz baş verərsə, digər tərəf bu təhdidə qarşı birgə tədbirlər görəcək. Bu müddəa faktiki olaraq Azərbaycan-Türkiyə hərbi ittifaqını hüquqi müstəviyə keçirir. Bu, NATO-dan kənar ən güclü ikitərəfli təhlükəsizlik razılaşmalarından biri sayılır və bölgədə hər hansı təcavüzkar niyyətlərə qarşı ciddi siyasi və hərbi siqnaldır. Bəyannamə Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşmasında mühüm təməl daşı rolunu oynayır. Bəyannamədə qeyd olunur ki, Türkiyə şirkətləri Qarabağın bərpasında və yenidənqurulmasında fəal iştirak edəcək. Bu, iqtisadi əməkdaşlığın genişlənməsindən savayı, siyasi və mədəni inteqrasiyanın dərinləşməsinə də zəmin yaradır. Bu prosesin özəyində “bir millət, iki dövlət” ideologiyası dayanır.
Azərbaycan-Türkiyə münasibətləri sıradan diplomatik əlaqələrdən fərqli olaraq ortaq dilə, tarixə, mədəniyyətə, dini və mənəvi köklərə əsaslanır. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ideoloji formulu bu münasibətlərin təməlini təşkil etmiş və günümüzə qədər strateji xətt olaraq qorunub saxlanılmışdır. Prezident İlham Əliyev bu ideyanı uğurlu praktik və strateji fəaliyyətlərlə zənginləşdirərək, Azərbaycan-Türkiyə birliyini bölgə və dünya siyasətində nüfuzlu gücə çevirmişdir. 44 günlük Vətən müharibəsində Türkiyənin siyasi və diplomatik dəstəyi, müharibə sonrası yenidənqurma prosesində iştirakı, ortaq hərbi təlimlərin keçirilməsi və nəhayət, Şuşa Bəyannaməsi ilə bu əlaqələr yeni tarixi mərhələyə keçmişdir.
Şuşa Bəyannaməsi hərbi əməkdaşlığın genişləndirilməsi üçün hüquqi zəmin yaradır. İmzalanmadan dərhal sonra Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlərin sayı artmış, müdafiə sənayesi üzrə birgə layihələr genişlənmişdir. Bəyannamədə energetika və nəqliyyat sahələrində əməkdaşlıq ayrıca qeyd olunur. Bu xüsusda Zəngəzur dəhlizi xüsusi yer tutur. Dəhliz təkcə Azərbaycanın Naxçıvanla birləşməsi deyil, həm də Türkiyənin Orta Asiyaya, Çin və Xəzər hövzəsinə çıxışını təmin edən strateji arteriya rolunu oynayır. Bu layihə, Bakı-Tbilisi-Qars dəmir yolunun davamı kimi, regionun logistik xəritəsini tamamilə dəyişmək gücünə malikdir. Azərbaycan və Türkiyə ortaq tarix, mədəniyyət və dini dəyərləri paylaşır. Ortaq təhsil proqramları, universitetlərarası əməkdaşlıq, türkdilli medianın inkişafı və ortaq mədəniyyət layihələri vasitəsilə bu sahədə dərin inteqrasiya müşahidə olunur. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda, xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı və s. kimi beynəlxalq qurumlarda bir-birini qarşılıqlı dəstəkləyir. Bu siyasi koordinasiya vasitəsilə qlobal güc mərkəzləri qarşısında birlik nümayiş etdirilir və qlobal məsələlərdə ortaq mövqe formalaşdırılır.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi, Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıc nöqtəsidir. Bu sənəd müttəfiqliyin hüquqi bazasını formalaşdırmaqla yanaşı, regional və beynəlxalq siyasətdə tarixi bir addım kimi dəyərləndirilir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə XXI əsrin regional güc strategiyasına çevrilmişdir. Bu bəyannamə əsasında formalaşan müttəfiqlik, yalnız dövlətlərarası münasibətlər deyil, xalqlar arasında da dərin bağların möhkəmlənməsi üçün yol açır. Azərbaycan və Türkiyə bundan sonra da ortaq dəyərlər, milli maraqlar və strateji hədəflər uğrunda birgə addımlamaqda qərarlıdır. Bu birlik təkcə bölgəmizdə deyil, qlobal səviyyədə ədalətli və sabit gələcəyin təminatıdır. Şuşa Bəyannaməsi təkcə hərbi və iqtisadi müttəfiqlik sənədi deyil, eyni zamanda ideoloji və milli özünüdərk manifestidir. Azərbaycan və Türkiyə arasında qardaşlıq, siyasi iradə və milli maraqların vəhdəti əsasında formalaşan bu sənəd geostrateji və geoiqtisadi baxımından çox böyük əhəmiyyətə malikdir.

Aytəkin Əhmədova
YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55