
Yetkinlik yaşına çatmış övlad təhsilə görə alimentin davam etdirilməsi üçün iddia qaldıra bilərmi?
Bildiyimiz kimi, Azərbaycanda valideynləri boşanmış övlada aliment 18 yaşa kimi ata tərəfindən ödənilir. Ancaq bəzi hallarda yetkinlik yaşına çatmış şəxs təhsil aldığı üçün aliment ödənişinin davam etdirilməsini istəyir. Bəs bu hal qanunvericilikdə nəzərdə tutulubmu?
“Təhsil haqqında” Qanuna əsasən, ali təhsil məcburi deyil. Buna görə də aliment təhsil ödənişi üçün şamil edilmir. Bu, yalnız əlillik dərəcəsi olduğu halda mümkündür.
Eyni zamanda bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı mövcuddur. Orada göstərilir.
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.