
Şəxsi və ailə həyatına müdaxilə hansı məsuliyyətlərə səbəb olur?
Əfsuslar olsun ki, cəmiyyətimizdə şəxsi və ailə həyatına müdaxilə halları ilə tez-tez rastlaşırıq. Bəs qanunvericiliyimiz şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyini hansı formada tənzimləyir və bununla bağlı hansı məsuliyyətləri nəzərdə tutur?
Bu suala cavab tapmaq üçün ilk öncə şəxsi və ailə həyatına hansı münasibətlərin aid olduğunu müəyyənləşdirmək lazımdır.
İstər milli qanunvericilik, istərsə də tərəfdar çıxdığımız “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın mövqeyinə görə, şəxsi və ailə həyatına aşağıdakı münasibətlər daxildir:
1. Şəxsi həyat
2. Ailə həyatı
3. Mənzil toxunulmazlığı
4. Yazışmaların toxunulmazlığı
Qeyd etdiyimiz kimi, “şəxsi və ailə həyatı”na hörmət hüququ milli qanunvericiliyimizlə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da (bundan sonra Avropa Konvensiyası) yer almışdır və bu hüququn təmin edilməsi “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin (bundan sonra Avropa Məhkəməsi) əsas prioritetlərindən biridir. Bu səbəbdən də, haqqında danışacağımız mövzu barədə iki məqalə dərc olunacaqdır. İlk məqalədə “Şəxsi və ailə həyatı”nın toxunulmazlığına dair milli qanunvericiliyimizdə hansı müddəaların yer aldığına və həmin münasibətlərin hansı formada tənzimləndiyinə diqqət yetirəcək, bu mövzudakı növbəti məqaləmizdə isə Avropa Konvensiyası və Avropa Məhkəməsi təcrübəsinə diqqət yetirəcəyik.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Eyni zamanda, həmin maddədə bildirilmişdir ki, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Konstitusiyanın sözügedən maddəsində həmçinin yazışmaların toxunulmazlığına da münasibət bildirilərək, aşağıdakı normalar öz əksini etdirmişdir:
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Bundan başqa, Konstitusiyanın 33-cü maddəsində qeyd olunmuşdur ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır və qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
Bəs Konstitusiyamızda qeyd olunan bu hüquqların pozulması hansı məsuliyyətlərə səbəb olur?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, “Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması” cinayət məsuliyyətinə səbəb olur və min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Bundan başqa, Cinayət Məcəlləsinin 157-ci maddəsində qeyd edilmişdir ki, ”Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma” cinayət məsuliyyətinin yaranması üçün əsasdır və min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Həmçinin, Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən, “Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma” cinayət məsuliyyətinə səbəb olur və min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni zamanda, milli qanunvericiliyimizdə şəxsi və ailə həyatının toxunulmazlığı mülki konteksdən də tənzimlənməkdədir. Belə ki, AR Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər”.
Həmin maddəsinin ikinci hissəsində qeyd edilmişdir ki, “Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.”
Fiziki şəxs sözügedən məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.