
“Gizli səs yazısının aparılması, yayılması qanunsuzdur və yolverilməzdir”.
“Gizli səs yazısının aparılması, yayılması qanunsuzdur və yolverilməzdir”. Hüquqi məsuliyyəti yaradır.
Son zamanlar müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadə tendensiyasının artımı, hüquqi savadlılığın zəif olması bəzən bir çox qeyri-hüquqi addımların atılmasına gətirib çıxarır ki, bunun da fəsadları daim ağır olmuşdur. Eləcə də sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Qanunun tələblərini pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
Gizli səs yazılması və ya video çəkilməsi ilə bağlı məsələlər “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunla tənzimlənir və əməliyyat-istintaq orqanlarının səlahiyyətinə aid məsələdir”
Qanunvericilik bu məsələni çox geniş bir şəkildə tənzimləmişdir. Əsas qanun sayılan Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Qeyd edildiyi kimi dövlət ali hüquqi sənəddə öz üzərinə belə bir öhdəlik müəyyən etmişdir. Bundan əlavə qeyd edə bilərik ki, bu növ münasibətlər “İnsan hüquq və əsas azadlıqları haqqında” konvensiyada da öz əksini tapmışdır. Belə ki, (1945-ci il 12 dekabr tarixli) Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmçinin konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunmuşdur.
Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə də nəzər yetirsək görərik ki, bu növdən yazıların qeydə alınması özlüyündə cinayət məsuliyyətinə səbəb olur və bu əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155.1-ci maddəsində Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məcəllənin 156.1-ci maddəsinə görə isə Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Hər bir halda əməlin hansı zəmində törədilməsi, əməldə cinayət tərkibinin olub-olmaması mütləq araşdırılır.
Həmçinin telefon danışıqlarının, səs yazılarının məhkəmə tərəfindən sübut kimi qəbulu ilə bağlı olaraq da qeyd edə bilərik. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsinə görə Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
Mülki Prosessual Məcəllədən də bəllidir ki, səs və ya video yazıları təqdim edən şəxs bunun hansı şəraitdə yazılmasını, bu yazıdan digər şəxsin xəbərdar olub-olmamasını, həmçinin yazıda şəxsi xarakterli məlumatın mövcudluğu məsələsini bildirməyə məcburdur. Hər bir halda səs yazısını qeyd edən şəxs bu yazıya görə mütləq qaydada məsuliyyət daşıyır.
Azərbaycan Respublikası “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər.
Həmin şəxslər isə bu tədbirləri (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirir. Həmin qanunun 13-cü maddəsinə görə isə Telefon və digər danışıqlara qulaqasması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərdə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.
Göstərilən şəxslər isə bu tədbirləri tətbiq etdikdən sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 134-cü maddəsinə əsasən protokol qaydasında göstərilənləri əks etdirir və sonradan məhkəməyə sübut kimi təqdim edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü , Bakı şəhər 20 saylı Vəkil Bürosunun
Vəkili Rövşən Qasımov.