“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu IX beynəlxalq YOCOCU konfransında təmsil olunub

15-17 oktyabr tarixlərində Türkiyənin İstanbul Universitetinin Prof.Dr. Fuad Sezgin konqres mərkəzində Romada yerləşən Beynəlxalq YOCOCU Asossiasiyası və İstanbul Universitetinin təşkilatçılığı, İtaliya Atmosfer Elmləri və İqlim İnstitutu, Türkiyə Mədəni İrsin Dostları İctimai Birliyi (KUMİD), İtaliya Kalabriya Universiteti, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), Azərbaycan “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Rumıniya Timişoara Milli İncəsənət Muzeyi, Türkiyə Konservasiyaçılar və Bərpaçılar İctimai Birliyi (KRD), Çexiya Yaşıl Laboratoriya Təşkilatı, İtaliya EMEC Su Cihazları Şirkəti, Heritage jurnalının dəstəyi ilə “Mədəni İrsin Konservasiyasında Gənclər – YOCOCU” IX beynəlxalq konfransı keçirilib. Konfransda “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğu ilə yanaşı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində Soyqırımı Memorial Kompleksinin direktorları da poster və onlayn məruzələrlə çıxış edib. Konfrans müxtəlif mövzular üzrə sessiyalarda işini davam etdirib.
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor v.m.i.e Günel Pirquliyeva “Mədəni irsin mühafizə problemləri və onun metodologiyası” mövzusunda poster təqdimat edib.
Keçmişin qiymətli miraslarını qorumaq və gələcək nəsillərə çatdırmaq məsələsi, müasir cəmiyyətlərin getdikcə daha çox önəm verdiyi bir mövzudur. Bu sahədə əsas məqsəd, insanlığın ortaq mirası sayılan və bəşəri dəyərləri əks etdirən mədəni və təbii varlıqları tanıtmaq, cəmiyyətdə bu mirasa sahib çıxma düşüncəsini yaymaq və müxtəlif səbəblərlə məhv olmaqda olan dəyərlərin qorunması üçün zəruri əməkdaşlıq və səyləri təmin etməkdir. Çünki keçmişin ən uzaq nöqtələrindən bu günə qədər gəlib çatmış nailiyyətlər, gələcəyə örnək olma potensialını daşıyır. Bu kontekstdə, mədəni irs daxilində yaradılmış və bir vaxtlar dəyər verilməyən, lakin zamanla öz layiqli yerini tutmuş bütün sərvətlər qorunur. Mədəni irs baxımından ənənə, mədəni və ya sosial-siyasi qurumların tarix sınağından çıxmış və keçmişdə mövcud olmuş faktlara əsaslanan təkrar istehsal mexanizmidir. Mədəni özünəməxsusluq isə digər mədəniyyətlərdən alınması və ya ötürülməsi mümkün olmayan, özünəməxsus xüsusiyyətləri olan nadir mədəni qurumların mövcudluğunu ifadə edir. Bu özünəməxsusluğun elmi anlayış kimi təyini, müasir tədqiqatçıların hələ də üzərində çalışdığı bir mövzudur və fərqli aspektlərin bir-birinə nisbəti problemi hələ də tam şəkildə aydınlaşdırılmamışdır.
Bir toplum və milləti digər toplum və millətlərdən fərqləndirən, ona özünəməxsus bir kimlik qazandıran, zaman və məkan daxilində təşəkkül etmiş hər cür maddi və mənəvi dəyərlərin cəmi kimi xarakterizə edilən mədəniyyət fenomeni özünəməxsusluq anlayışını da ehtiva edir ki, bu məsələ bir sıra beynəlxalq sənədlərdə əksini tapmışdır. O cümlədən, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya xüsusilə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdəki fərqli mədəni özünüifadənin qorunması, yaradılmağa davam edilməsi və cəmiyyətin bütün təbəqəsi ilə qovuşması (bir arada olması,görüşməsi) məqsədi ilə imzalanmışdır.
1980-ci illərdən başlayaraq, qloballaşmanın gətirdiyi sosiomədəni dalğalar, modern cəmiyyət və milli dövlət modelinə yönəlmiş tənqidlər fonunda çoxmədəniyyətliliyi ön plana çıxardı. İqtisadi və siyasi tarazlıqlardakı dəyişikliklərin təsiri ilə çoxmədəniyyətlilik, bu yeni dinamikalarla iqtisadi və siyasi inkişafı yönləndirməyə hazırdır. Ümumiyyətlə, çoxmədəniyyətlilik, fərqli mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı bir toplum mənasını daşıyır, çoxmədəniyyətçilik isə bu birgəyaşayışı təmin edən siyasətlər toplusudur.
Azərbaycan, tarixi boyunca fərqli mədəniyyətlərin, etnik qrupların və dini inancların bir arada yaşadığı zəngin və rəngarəng bir çoxmədəniyyətli ərazidir. Ölkə, coğrafi mövqeyi və tarixi ticarət yollarının kəsişmə nöqtəsində yerləşməsi ilə, müxtəlif mədəniyyətlərin bir-biri ilə qarışmasına və inteqrasiyasına şərait yaratmışdır.
Azərbaycanın çoxmədəniyyətli quruluşu, onun mədəni zənginliyini və tarixi mirasını daha da dərinləşdirir. Bu müxtəliflik, ölkənin inkişafına və beynəlxalq arenada özünəməxsus yer tutmasına töhfə verir. Azərbaycanın çoxmədəniyyətliliyi, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan bir cəmiyyətin parlaq nümunəsidir.
Azərbaycanın bu qəlibdən mədəni irs siyahısına Çıraqqala abidəsidə daxildir. Sasanilər imperiyasının Azərbaycanda hökranlığı dövrünə aid olan bu abidənin təməli III-IV, bəzi mənbələrə görə isə VI əsrdə qoyulmuş, dəniz səviyyəsindən 1232 m yüksəklikdə yerləşən Çıraqqala mərkəzi daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasında olub. İndi həmin bürclərin ancaq dördü salamat qalıb.
Bura həm də qala rolunu oynamış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. Uzunluğu 120 km olan səddin divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatır. Babadağına qədər sədd divarlarının hündürlüyü 5-7, bəzi halda 7-11 metr, eni isə 30-35 metrə qədərdir.
Sovet hakimiyyəti dövründə yüksək aşınmaya məruz qalan abidə yerli əhalinin və mədəni irs mühavizəçilərinin sayəsində müəyyən hissəsi qorunmuş,günümüzə gəlib çatmışdır.
Sübhəsizki, tarixi yaddaşı özündə əks etdirən hər bir Abidə, müvafiq mədəni irs qanunları və konvensiyalar ilə qorunmalıdır. Bu səbəbdən 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə abidənin qorunması üçün dövlət tərəfindən bərpa konservasiya işləri aparılmış, Ən qədim dövrlərə aid maddi mədəniyyət nümünələri aşkar edilmişdir. Bərpadan sonra görüləcək islər iqtisadi və turizm baxımından abidənin səmərəli istifadəsinə və tanıdılmasına kömək edəcəkdir. Gələcəkdə Çıraqqala abidəsinin turizm potensialından faydalanmaqla, onun qorunmasına maliyyə dəstəyi təmin edilə bilər. Turistlər üçün maarifləndirici turlar və fəaliyyətlər təşkil edilməlidir. Bu kimi məsələlərin planlaşdırılması gələcəkdə mümkün görülür.
Bu gün abidənin tarixi əhəmiyyətini və orijinal vəziyyətini daha yaxşı anlamaq üçün ətraflı araşdırmalar aparılmalıdır. Tarixi sənədlər, xəritələr və arxeoloji məlumatlar toplanmalmaqla Gil-gilçay səddi üzərində yerləşən abidələrinoxşarlığı müəyyən edilməyə çalışılır. Ümid edirik ki. gələcəkdə Çıraqqala abidəsinin mövcud vəziyyəti, struktur xüsusiyyətləri, materialları və dekorativ elementləri dəqiq sənədləşdirilməsi arxeloqlarımızın əməyi nəticəsində olacaqdır. Müasir dövr fotoşəkillər, rəsmlər və 3D modellərdən istifadə edilməklə abidənin ilkin görünüşünün müəyyən edilməsi arzu olunandır.
Çıraqqala abidəsinin qorunması, Azərbaycanın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu metodologiyalar, abidənin davamlı və səmərəli şəkildə qorunmasına kömək edə bilər.

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun
direktor v.m.i.e Günel Pirquliyev

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55