Nikah hansı hallarda məhkəmə qaydasında pozulmalıdır? – HÜQUQİ ŞƏRH

Ər-arvaddan biri boşanmağa razı deyilsə, yaxud onların 18 yaşdan aşağı uşaqları varsa, nikahın pozulması üçün məhkəməyə müraciət olunmalıdır. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Nikahın pozulması ilə bağlı hansı məhkəməyə müraciət edilməlidir?

İddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Əgər iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar varsa və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkirsə, nikahın pozulması haqqındakı iddia iddiaçının yaşadığı yerə görə verilə bilər.

Nikahın məhkəmə qaydasında pozulması üçün hansı sənədlər lazımdır?

İddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surəti, nikah haqqında şəhadətnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti, uşaqların doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti, dövlət rüsumunun ödənilməsi haqqında qəbz, iddia ərizəsinin surəti və əgər iddia iddiaçının yaşadığı yerə görə verilirsə, yaşayış yerindən arayış əlavə edilməlidir.

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55