Cinayət prosesində “Rəqəmsal sübutun” əhəmiyyəti. Rəqəmsal sübut nədir?


Rəqəmsal sübutun anlayışı
Həqiqətən də elektron sübutlar bir çox klassik cinayətlərin, eləcə də kibercinayətlərin açılmasında mühüm yer tutur. Bu baxımdan cinayət prosesində elektron sübutların əhəmiyyətinin üzə çıxarılması vacibdir. Elektron sübut dedikdə, davam edən təhqiqat və ya cinayət təqibi üçün əsas kimi informasiya sistemlərindən və məlumat saxlama cihazlarından əldə edilmiş sübut növü nəzərdə tutulur.Etibarlılığı hüquqi və texnoloji cəhətdən yoxlanılmış elektron sübutlardan cinayət prosesində istifadə edilməsinin böyük əhəmiyyəti vardır.
Rəqəmsal sübut cinayətin açılmasında mühüm rol oynayacaq informasiya sistemlərində və ya məlumat qeyd etmə xüsusiyyətinə malik elektron cihazlarda olan məlumatlara verilən ümumi addır. Bir sözlə, rəqəmsal sübut anlayışı rəqəmsal mühitdə saxlanılan, yaradılan və ötürülən hər cür məlumat deməkdir. Rəqəmsal sübut yeni ortaya çıxan bir anlayış olduğundan, bu barədə xeyli müxtəlif təriflər var.
Bu təriflərə misal olaraq, “cinayətin necə baş verdiyi və ya cinayətin kritik elementlərinə toxunan nəzəriyyələri dəstəkləyən və ya təkzib edən komputer sistemlərindən istifadə etməklə qeydə alınan və ya ötürülən məlumatlar”, “cinayətin törədildiyini göstərən və ya cinayətlə qurban və ya cinayət və icraçı arasında əlaqəni təmin edən məlumatlar”, “kibercinayətlə əlaqəli, elektron və ya maqnit mühiti vasitəsilə ötürülən və ya bu mühitlərdə qeydə alınan məlumatlar” və.s göstərmək olar.
Rəqəmsal sübutun növləri
Rəqəmsal sübutlar bir çox növdə ola bilər. Bunlar; data faylları, bərpa edilmiş silinmiş fayllar, itirilmiş sahələrdən bərpa edilən məlumatlar, rəqəmsal foto və videolar, server qeydləri, e-poçt, internet tarixçəsi, veb səhifələr, elektron daşıyıcıda məlumat saxlaya bilən komputerlər, sərt disk, flash disk, CD / DVD, yaddaş kartı, smartfonlar, printerlər, skanerlər,kart oxuyucuları, kompüterlərdə saxlanılan LOG faylları, səs yazıcıları, söhbət qeydləri, abunələr, SİM kart və s.
Texnologiyanın davamlı olaraq, hətta sürətlə inkişaf etməsi, şübhəsiz ki, rəqəmsal sübutların daha çox əhəmiyyət qazanmasına səbəb olur.Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə rəqəmsal sübutlara müraciət etmədən bəzi cinayətlərin üstünü açmaq mümkün deyil. Çünki rəqəmsal sübutların istifadə edildiyi hallarda məhkəmə və istintaq orqanlarının cinayət tapmacasını həll etməsi daha asan olur. Buna görə də rəqəmsal sübutlara zaman keçdikcə üstünlük verilir. Cinayət prosesi sahəsində hüquq-mühafizə orqanlarının əməkdaşları, prokurorlar, hakimlər və vəkillər tərəfindən rəqəmsal sübutlarla rastlaşma tezliyi gündən-günə artır.
Rəqəmsal sübutların xüsusiyyətləri və tələb olan əsas prinsiplər
Əldə edilmiş rəqəmsal sübut məhkəmə orqanlarına təqdim edilməsi və istifadə edilməsi üçün müəyyən xüsusiyyətlərə malik olmalıdır.
Bu xüsusiyyətlər; rasionallıq, məqbulluq, reallıq, tamlıq, etibarlılıq, inandırıcılıq və təkrarlanabilirlik kimi qəbul edilir.
Rəqəmsal dəlilərin sahib olmalı olduğu ilk xüsusiyyət rasionallıq və məqbulluqdur.
Ən sadə qayda kimi ifadə edilən bu xüsusiyyət onu göstərir ki, hər hansı bir rəqəmsal sübutun sübut kimi qiymətləndirilməsi və məhkəməyə təqdim edilməsi üçün ilk növbədə onun tərkibində şübhə doğuran məsələyə aydınlıq gətirə biləcək məntiqi elementlər olmalıdır.
Rəqəmsal sübutların sahib olmalı olduğu başqa bir xüsusiyyət reallıqdır. Cinayət hüququnda əməllə nəticə arasındakı səbəb əlaqəsi kimi, sübutla sübut edilməli olan maddi fakt arasında da məntiqi əlaqə olmalıdır. Rəqəmsal sübutların əldə edilməsi və ya tədqiqi zamanı şübhəli və ya təqsirləndirilən şəxslə əlaqəli ola biləcək bütün sübutlar tam toplanaraq təqdim edilməlidir. Bundan əlavə, təqdim olunan sübutlar heç bir səbəbdən dəyişməməlidir (sübutların bütövlüyü pozulmamalıdır).
Sübut kimi istifadə ediləcək rəqəmsal sübutlar etibarlılıq və inandırıcılıq meyarlarına da cavab verməlidir.
Rəqəmsal sübutların əldə edilməsi və tədqiqi zamanı tətbiq olunan vasitə və texniki üsullar qanuni prosedurlara tam uyğun, hər kəs tərəfindən başa düşülən və inandırıcı olmalıdır. Rəqəmsal sübut bütün bu xüsusiyyətlərə malik olsa da, qanunvericiliyə uyğun əldə edilmədikdə sübut sayıla bilməz.
Eyni zamanda rəqəmsal sübutların elmi cəhətdən etibarlı sayılması üçün onun təkrarlanma xüsusiyyəti də olmalıdır. Başqa sözlə, əldə edilən və sübut kimi məhkəməyə təqdim edilən bütün rəqəmsal sübutlar eyni üsul və vasitələrdən istifadə etməklə, müxtəlif insanlar tərəfindən, müxtəlif yerlərdə və vaxtlarda əlçatan olmalıdır.
Rəqəmsal sübutların toplanması və mühafizəsi prosesinin ilkin mərhələsi hadisə yerindən başlayır. Bu mərhələ sübutların bütövlüyünün təmin edilməsi baxımından çox mühüm mərhələdir. Çünki bu mərhələdə rəqəmsal sübutların zədələnməsi və ya məhv olması tamamilə mümkündür. Buna görə də komputerin adi bir hərəkəti belə bəzən fayllar, məlumatlar, data kimi elektron sübutların dəyişməsinə səbəb ola bilər. Bu vəziyyət rəqəmsal sübutların toplanması zamanı müəyyən qaydalara riayət etməyi tələb edir. Bununla əlaqədar olaraq, hadisə yerinə baxış keçirən müstəntiq və ya təhqiqatçı ilk növbədə sübut əldə etmək üçün istifadə olunacaq cihazları hazırlamalı, öz təhlükəsizliyinə əmin olmalı, hadisə yerinin təhlükəsizliyini təmin etməli, sonra hadisə yerindəki bütün rəqəmsal və ya qeyri-rəqəmsal sübutların bütövlüyü qorunmalıdır. Rəqəmsal sübutların digər sübutlarla müqayisədə fərqli struktura malik olması rəqəmsal sübutların mütəxəssislər tərəfindən əldə edilməsini zəruri edir. Yalnız həmin  mütəxəssislər heç bir sübut itkisinə səbəb olmadan və ya mümkün qədər az itki ilə rəqəmsal sübutların toplanmasına nail ola bilər.
Türkiyə Cinayət Məcəlləsində bir başa tənzimləmə
İnformasiya sistemlərindən istifadə etməklə törədilən cinayətlərdə və ya komputer sistemlərində klassik cinayətlərə dair sübutların tapılması ehtimalı olduqda rəqəmsal mühitdə həyata keçiriləcək axtarış və götürmə tədbirləri Türkiyə Cinayət Məcəlləsinin 134-cü maddəsində xüsusi olaraq tənzimlənir. 
Cinayət işi üzrə aparılan istintaqda konkret sübutlara əsaslanan güclü şübhə üçün əsaslar olduqda və başqa üsulla sübut əldə etmək imkanı olmadıqda, şübhəlinin istifadə etdiyi kompüter və kompüter proqramları ilə yanaşı kompüter fayllarının da axtarışa məruz qala biləcəyi və kompüter məlumatlarından nüsxələrin çıxarılmasına hakim qərar verir. Şifrənin deşifrə edilməməsi səbəbindən komputerə, komputer proqramlarına və kompüter fayllarına daxil olmaq mümkün olmadıqda həmin komputer ələ keçirilə bilər. Şifrə deşifrə edilərsə və lazımi nüsxələri götürülərsə, ələ keçirilən komputer təxirə salınmadan geri qaytarılır. Komputerin və ya komputer fayllarının ələ keçirilməsi zamanı sistemdəki bütün məlumatların ehtiyat nüsxəsi hazırlanır. Götürülmüş ehtiyat nüsxədən surəti çıxarılaraq şübhəli şəxsə və ya onun nümayəndəsinə verilir və bu hərəkət müvafiq protokolda qeyd edilir. Görünüyü kimi rəqəmasal sübutlar da digər sübut növləri kimi qanuni prosedurlara əməl etməklə əldə edikdən sonra sübut kimi qəbul edilə bilər.
Nəticə
        Bu yaxınlarda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov göstərmişdir ki, “Rəqəmsal sübut” anlayışının ayrıca sübut növü kimi Cinayət-Prosessual Məcəlləsində müəyyən edilməsi bu növ sübutların toplanılması, götürülməsi, konfidensiallığın təmininə, həmin sübutlarla müdafiə tərəfinin tanış olma imkanının nəzərdə tutulmasına, onlardan səmərəli istifadə edilməsinə və rəqəmsal sübutlarla bağlı düzgün hüquqi qiymət verilməsinə zəmin yaratmış olar. “Rəqəmsal sübutlarla bağlı digər bir məsələ, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədi ilə bu məlumatların əldə edilməsi üçün məhkəmə qərarının alınmasının zəruri olmasıdır. Belə ki, digər sübut növlərindən fərqli olaraq rəqəmsal sübut və onun saxlanıldığı cihazlar (mobil telefon, kompyuter, xarici yaddaş kartı və s.) fiziki və hüquqi şəxslər üçün daha əhəmiyyətli və konfidensial məlumatların daşıyıcısı rolundan çıxış edirlər. Yəni cinayət prosesində rəqəmsal sübutlara gəldikdə şəxsi həyata hörmət hüququna riayət olunmasını təmin edən qaydaların tətbiqi vacibdir. Bundan əlavə, hesab edirik ki, məsafədən, videokonfrans vasitəsilə dindirmənin xüsusiyyətlərində Cinayət-Prosessual Məcəlləsinin ümumi müddəaları nəzərə alınmalıdır”
Həyatın ayrılmaz hissəsi olan texnologiya ilə rəqəmsallaşma prosesi və onun nəticələri qaçılmaz olduğu kimi, rəqəmsal dəlilin də qanunvericilikdə təsbit olunması qaçılmaz hal alır. Belə ki, rəqəmsal sübut anlayışı daha çox kibercinayətlərin araşdırılmasında gündəmə gəlsə də, digər kateqoriyalı cinayətlərin açılması baxımından da mühüm sübut vasitəsidir. Odur ki, sürətlə inkişaf edən texnoloji inkişaflardan və bu inkişaflarla bağlı rəqəmsal sübutlardan faydalanmayan və ya texniki həqiqətləri obyektiv görməyən bir məhkəmə sistemində ədalətə nail olmaq çox çətin olacaq.

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55